YAYIN TONAL KREMİ – BB KREMLƏR

Artır bir neçə ildir ki, BB kosmetik kremləri xanımlara tanışdır. Lakin etiraf edək ki, bu haqda məlumatı olmayan xanımlar parfümeriya mağazalarına daxil olarkən müxtəlif çeşiddə kosmetik vasitələri görüncə çaşbaş qalırlar. Belə hallarla üzləşməmək üçün məlumat verək ki, BB kremlər üz üçün tonal vasitənin nəmləndirici kremlə birləşməsi kimi xarakterizə olunur. Onun əsas funksiyaları üzün dərisinin qidalandırılması və nəmləndirilməsi, o cümlədən ona ideal, lakin maksimal təbii ton verməkdir. BB kremlər üzdə olan ciddi qüsurları yox edə bilməz, lakin üzün dərisini son dərəcə hamar, həmin qüsurları qismən görünməz edə bilər.

Preparatın tam adı – Blemish Balm Gream-dır, tərcüməsi gözəl məlhəmdir. İstənilən keyfiyyətli BB kremin tərkibi bir çox vəzifənin öhdəsindən gəlməyə imkan verir. O, təkcə dekorativ xassələrə malik deyil, həm də kosmetik problemlərlə mübarizə aparır.

NƏMLƏNDİRİCİ  BB  KREMLƏR

Üzün dərisini hamar edən BB kremlər termal su və yaşa görə komponentlərdən ibarət olur, məhz buna görə dəri qırışlarının qarşısını alır. Belə kremlərdən yay aylarında da istifadə etmək olar. Çünki günəşin ultrabənövşəyi şüalarından qoruyaraq piqment ləkələrinin meydana gəlməsi riskini aşağı salır. Nəmləndirici BB kremin üzə çəkilmiş nazik qatı belə öz müsbət effektini göstərir, qızartıları , piqment ləkələrini, digər mürəkkəb qüsurları gizlədir. Nəmləndirici BB kremlərin unikallığı məhz ondadır ki, günəşin şüalarından qoruyaraq dərini nəinki nəmləndirir, həm də sakitləşdirir, ona təbii çalar verir.

BB  KREMLƏRİ  NECƏ SEÇMƏLİ?

Yay aylarında günəşin ultrabənövşəyi şüalarından müdafiə edən vasitələr seçmək məsləhət görülür. Əlbəttə ki, tonal kremlər istisna deyil. Həmçinin vacib olan odur ki, belə nəmləndirici kremlərin tübikində “SPF” işarəsi qeyd olunur. Məsləhətdir ki, “SPF”-in səviyyəsi 15-dən aşağı olmayan tonal kremlər seçəsiniz. Bundan başqa, yayda BB kremlər yüngül teksturada, xüsusilə də su əsaslı olmalıdır. Belə vasitələrin tərkibində nəmləndirici komponentlər və mineral maddələr olur.

Nəzərə almaq lazımdır ki, yayda məzuniyyətdən sonra dəri dənizdə və ya bağda qaraldığından tonal kremi mütləq dərinin əsl təbii rəngindən bir az tünd tonda seçmək məsləhətdir.

İstənilən BB kremlərdən istifadə qaydaları onun tərkibindəki komponentlərə uyğun olaraq müəyyənləşir. Əsas dekorativ təyinatı ilə yanaşı, bu vasitələr əlavə təkmilləşmiş funksiyalara da malik ola bilər. Bu funksiyalar sonradan kremlərin dərinin növünə görə seçilməsində əsas rolunu oynayır.

Yağlı dəri artıq yağ ifraz etdiyindən üzdə arzuolunmaz parıltı yaradır. Bu da üzün ümumi makiyajına  pis təsir göstərir. Bu tip dərilər üçün BB kremlər yağlılığı aradan qaldırır, dərinin həssaslığını götürür. Belə BB kremlərin tərkibi yağlı olmur, bəzən belə kremlərə talk əlavə edilir. Adətən “FaceShor”, “Clinique” firmalarının BB kremləri bu tip dərilər üçün münasibdir.

Üzdə piqment ləkələr, çapıqlar, sərkilər olan problemli dərilər üçün BB kremləri dərinin rəngi və ya daxili qüsurları nöqteyi-nəzərindən seçmək lazımdır. “Maybelline”, “Yves-Rocher”-nin BB kremləri arasında bu tip tonal vasitələri tapmaq olar.

Quru dəri adətən qabıqlanmaya, qidalandırıcı maddələrin, əsasən nəmliyin çatışmazlığından qızartılara meyilli olur. Belə dəriyə qulluq edərkən və ya dekorativ vasitələrdən istifadə edərkən əlavə qidalandırma və nəmləndirməni təmin etmək vacibdir. Bu baxımdan “Loreal”, “Biotherm”, “Estee Louder” firmalarının quru dəri üçün olan BB kremlərindən istifadə etmək məsləhət görülür.

Qarışıq dəri üzün müxtəlif hissələrində müxtəlif dəri növlərini özündə ehtiva edir. Məsələn, burun və onun ətrafındakı dəri yağlı, digər  hissələr isə normal və ya quru olur. Belə dərini dekor etmək adətən çox çətindir. Bu və ya digər komponentlərdən imtina edərək , eyni zamanda  müxtəlif qüsurlarla mübarizə aparmaq lazımdır. Belə dərilər üçün “Vichy”, “Garnier” BB kremlərini almaq münasibdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir