PLASTİK ƏMƏLİYYATLARIN FAYDA VƏ ZƏRƏRLƏRİ

“Gözəllik qurban tələb edir” deyirlər. Gözəl, cavan və cəlbedici görünmək üçün bir çox üsullar var. Bu üsullar arasında seçim etmək təkcə insanın yaşı, statusu və maddi vəsaitinin miqdarı ilə deyil, daha çox özünü dərketmə, daxili inam və özünüqiymətləndirmə ilə bağlıdır.

İstənilən plastik əməliyyat müəyyən bir riskdir. Buna görə əksər hallarda həm həkimlər, həm də pasiyentlər qeyri-cərrahi müalicə üsuluna daha çox müraciət edirlər. Lakin müəyyən qisim sağlam insanlar var ki, öz problemlərinin həllində əməliyyatlara – plastik əməliyyatlara üstünlük verirlər. Və bu problemlər hər zaman fiziki xarakterə (çapıqlar, anadangəlmə qüsurlar) deyil, psixoloji xarakterə də malik olur. Onlar qadınların, bəzən də kişilərin öz xarici görkəmlərindən narazı olması ilə baş verir.

Plastik əməliyyatların xeyri nədir?

Plastik əməliyyatlar nəinki xarici görünüşü bərpa etməyə, ən başlıcası psixoloji duruma kömək edir, hətta bəzən yaşamaq və həyatdan zövq almaq arzusunu da geri qaytarır.

Bəzi hallarda plastik əməliyyatlar xarici görkəmin anadangəlmə qüsurlarında (məsələn, yanıqların nəticəsində yaranan) və bədbəxt hadisələrlə bağlı olanda doğrudan da həyati əhəmiyyət daşıyır. Bu əməliyyatların köməyilə bir çox problemləri həll etmək olar:

-müxtəlif səbəblərdən baş vermiş bir çox kiçik çapıqları aradan qaldıraraq ideal görünmək olar;

-yaşa görə qırışları yox edərək, cavan görünmək olar;

-artıq piylərdən azad olub, qədd-qamətli görünmək olar;

-xarici görkəmlə bağlı komplekslərdən qurtularaq burun, qulaq, dodaq və sinənin formasını dəyişmək olar.

Adətən arzuolunan dəyişikliklərdən sonra insanın özünə inamı artır, cəlbedici olur. Əksər hallarda bu, özəl həyatda və karyerada köklü dəyişikliklərə də gətirib çıxarır.

Plastik əməliyyatların acı nəticələri

Təəssüflər olsun ki, plastik əməliyyatlar hər kəs üçün arzuolunan nəticələr vermir. Hər bir insanın özünəməxsus individual orqanizmi var və əməliyyatların da bu baxımdan təsiri birmənalı olmur. Bu da fəsadların artmasına gətirib çıxarır. Müxtəlif allergik reaksiyalar gedir, qanaxmalar olur, əməliyyatdan sonra iltihabi prosesin yaranması və infeksiyanın qana düşməsi riski labüd olur. Bir vacib məsələ də əməliyyatlardan yaranan asılılıqdır. Bu zaman insan daimi olaraq bədənində nəyisə təkmilləşdirmək istəyir. İdmanla məşğul olmaq və ya diyeta gözləmək əvəzinə bıçaq altına girməyi qərara alır. Belə eksperimentlərin nəticələri gözlənilməz ola bilər.

Qadınların dərisinin tez-tez dartılması elə prosesləri meydana gətirə bilər ki, sonradan onlardan qurtulmaq mümkün ola bilməz.

Bəzi hallarda plastik əməliyyatlar psixoloji travmaya gətirib çıxarır. Bu, təkcə uğursuz əməliyyatlar nəticəsində baş vermir. İş ondadır ki, hər kəs öz görünüşünə illərlə alışır, ürəyincə olmasa belə əməliyyatdan sonra güzgü qarşısında öz yeni simasını görəndə, onun özü-özü ilə dərin konfliktləri meydana gəlir.

Elə insanlar da var ki, heç də ucuz olmayan plastik əməliyyatlara girmək üçün kreditlər götürür, kimdənsə böyük məbləğdə borc pul əldə edirlər. Bu da nə gözəlliyi artırır, nə də cavanlığı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir